19 noyabr 2025-ci il tarixində Əliabad İki Nömrəli Məktəbin 7-ci sinif şagirdləri üçün “Tanınmış şəxsiyyətlər təqvimi” layihəsi çərçivəsində növbəti açıq dərs təşkil olundu.
"Tehsil365" xəbər verir ki, Dərsin mövzusu Azərbaycanın böyük rəssamı Səttar Bəhlulzadənin həyatı və yaradıcılığı idi.
Dərsi U.Mahirə müəllimə aparmışdır. O, şagirdlərə Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətinə verdiyi böyük töhfələr, onun əsərlərində milli ruhun və təbiət gözəlliklərinin əks olunması barədə ətraflı məlumat vermişdir. Dərs zamanı rəssamın yaradıcılıq yolunun müxtəlif mərhələləri, ən məşhur tabloları və sənət tarixindəki rolu müzakirə edilmişdir.
U.Mahirə müəllimə dərsi interaktiv şəkildə keçirmiş, şagirdlərin dərsə aktiv qatılmasını təmin etmiş, onlara Səttar Bəhlulzadənin əsərlərindən nümunələr göstərmiş və bu əsərlərin mənası üzərində fikir mübadiləsi aparmışdır. Şagirdlər rəssamın bədii dünyasını daha yaxşı anlamaq üçün müxtəlif tapşırıqları yerinə yetirmiş, rəsm nümunələri üzərində düşüncələrini bölüşmüşlər.
Dərsin əsas məqsədi gənc nəslin milli mədəniyyətə, incəsənətə marağını artırmaq, Azərbaycanın tanınmış sənətkarları haqqında bilik və məlumatlarını genişləndirməkdir. Bu cür açıq dərslər şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirməklə yanaşı, onların yaradıcı potensialının inkişafına da şərait yaradır.
Məktəb rəhbərliyi və müəllim heyəti belə layihələrin və açıq dərslərin əhəmiyyətini yüksək qiymətləndirir və gələcəkdə də davamlı olaraq milli mədəniyyətin təbliği və gənclərin intellektual inkişafı üçün tədbirlər təşkil etməyi planlaşdırır.

