“İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Tehsil365” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Bakı Slavyan Universitetində keçirilən tədbirdə fərqləndirilən 10 müəllimlə yanaşı, təşkilatçı kütləvi informasiya vasitələrinin rəhbərləri, millət vəkilləri də iştirak edib.
BSU gənc müəllimlər arasında kişilərin sayını artırmaq üçün məqsədyönlü təqaüd proqramları həyata keçirir
Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev ölkədə təhsil sahəsində həyata keçirilən davamlı islahatların əhəmiyyətini vurğulayaraq, Bakı Slavyan Universitetinin əsas fəaliyyət istiqamətlərindən birinin müəllim kadrlarının hazırlanması olduğunu, universitetin bu sahədə geniş ixtisas spektri üzrə uzunillik təcrübəyə malik olduğunu bildirib. Onun sözlərinə görə, BSU yalnız tələbə qəbulu göstəriciləri ilə kifayətlənmir, eyni zamanda regionlarda müəllim potensialının gücləndirilməsi məqsədilə xüsusi təqaüd proqramları və maarifləndirici layihələr həyata keçirir: “Bu çərçivədə ibtidai sinif və xarici dil müəllimliyi ixtisasları üzrə oğlan tələbələr üçün “Oğlanlar üçün təqaüd proqramı”, regionlardan BSU-ya az sayda qəbul olunan qız tələbələr üçün “Qızlar üçün təqaüd proqramı” həyata keçiririk. Eyni zamanda təşviqat kampaniyaları çərçivəsində Bakı və Naxçıvan şəhərlərində, həmçinin müxtəlif bölgələrdə şagirdlərlə “Yeni dövrün Azərbaycanı” mövzusunda görüşlər keçiririk. Universitetimizdə həmin görüşlərdə iştirak edənlər üçün nəzərdə tutulan “Yeni dövrün gəncliyi” adlı təqaüd proqramı da reallaşdırılır”.
Anar Nağıyev bildirib ki, müasir dövrdə ömürboyu öyrənmə prinsipi əsas prioritetlərdəndir və BSU yalnız məzun hazırlığı ilə deyil, eyni zamanda fəaliyyətdə olan müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində də regionlarda çalışan pedaqoji heyət üçün müxtəlif təlim və seminarlar təşkil edir.

