Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
“Tehsil365” xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün ilin yekunlarına dair hesabat görüşündə çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib. Həmçinin, Gəncə Dövlət Universitetində də təkrar institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
Tural Əhmədov əlavə edib ki, sözügedən müddət ərzində 17 ATM-də proqram akkreditasiya qiymətləndirilməsi aparılıb.
Belə ki, “Məktəbəqədər təhsil” ixtisası üzrə 14 ATM-də - Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Universiteti və Odlar Yurdu Universitetində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Eyni zamanda, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 3 ATM-də – Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təkrar proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

