Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) beynəlxalq əlaqələrini gücləndirmək məqsədilə bir sıra beynəlxalq tədbirlərdə təmsil olunub.
“Tehsil365” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib.
Onun sözlərinə görə, Agentlik Estoniyada Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasında, Belçikada isə Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) “SEQA-ESG II” layihəsinin bağlanış mərasimində və ENQA-nın Baş Assambleyasında iştirak edib.
“Bununla yanaşı, TKTA əməkdaşları İspaniyada təşkil edilmiş “Özünütəhlil ilə əlaqədar ENQA Seminarı”, eləcə də Azərbaycan Respublikası, Serbiya Respublikası, Bosniya və Herseqovina və Ukraynada keyfiyyət təminatı agentliklərinin inkişafına dəstəyi ehtiva edən SEQA-ESG IIlayihəsi çərçivəsində Serbiya Respublikası və Macarıstanda təşkil edilmiş təlimdə və heyət mübadiləsində iştirak ediblər.
TKTA Avropanın qabaqcıl keyfiyyət təminatı agentliklərinin təcrübəsinin öyrənilməsini mühüm fəaliyyət istiqaməti kimi qiymətləndirir və bu sahəyə xüsusi diqqət yetirir. Bu məqsədlə, əməkdaşlarımız Macarıstan, Moldova Respublikası və Xorvatiya Respublikasının xarici keyfiyyət təminatı agentliklərində heyətin mübadiləsində iştirak edib, beynəlxalq təcrübəni öyrənməklə yanaşı, qazanılmış təcrübələri bölüşmək imkanı əldə ediblər.
Bundan əlavə, TKTA əməkdaşı qardaş ölkə Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) lisenziyası əsasında fəaliyyət göstərən müxtəlif ixtisas profilli milli proqram akkreditasiya qurumlarının təcrübəsinin öyrənilməsi məqsədilə EPDAD və FEDEK kimi milli agentliklərin proqram akkreditasiyası prosesində iştirak edib”.

