Cari il ərzində Qeyri-formal və informal təhsilin tanınması (QFİTT) sahəsində müxtəlif peşə ixtisasları üzrə Agentliyə ümumilikdə 368 müraciət daxil olub.
“Tehsil365” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib. O bildirib ki, müraciət edən vətəndaşlardan 327 nəfəri nəzəri və praktiki imtahanlara cəlb olunub: “Onlardan 207 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib”.
Onun sözlərinə görə, QFİTT üzrə qiymətləndirmə və tanınma müxtəlif qurumlarla birgə əməkdaşlıq və layihələr çərçivəsində, həmçinin TKTA-nın maliyyə vəsaiti və şəxsi vəsait hesabına həyata keçirilib: “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə “Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində 95 nəfər nəzəri imtahanlara cəlb edilib. Onlardan 76 nəfəri uğurlu nəticə əldə edərək müvafiq peşə sənədinə sahib olub.
“Azerbaijan International Mining Company” MMC ilə əməkdaşlıq çərçivəsində 16 nəfər keçirilən imtahanlarda məqbul nəticə göstərib və onlara müvafiq peşə sənədi təqdim edilib.
“AzərGold” QSC-nin maliyyə dəstəyi ilə “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində 14 nəfər müvafiq imtahanlarda iştirak edib. İmtahanlarda uğurlu olduqları üçün onlar da müvafiq peşə sənədi ilə təltif edilib.
TKTA-nın maliyyə vəsaiti hesabına imtahanlara cəlb edilən 21 nəfərdən 6-sı müvafiq peşə sənədi əldə edib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” çərçivəsində 141 nəfərin bilik və bacarıqları qiymətləndirilib. İmtahanlarda iştirak edən 66 nəfər uğur qazanaraq müvafiq peşə sənədi əldə edib.
Şəxsi vəsait hesabına müraciət edən 41 nəfərdən 30-u uğur qazanaraq müvafiq peşə sənədi əldə edib”.
Tural Əhmədov qeyd edib ki, cari ildə QFİTT üzrə “Təmirçi-çilingər”, “Qrafik dizayner”, “Arıçı”, “Kombi və kondisioner ustası”, “Mebel ustası” peşə ixtisasları əlavə olunmaqla qiymətləndirilməsi və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-dan 31-ə çatdırılıb: “Ümumilikdə qeyd edilən müddət ərzində qeyri-formal və informal təhsilin tanınması üzrə həyata keçirilən qiymətləndirmələr nəticəsində çoxsaylı vətəndaşımızın öz peşəkarlığını təsdiq edən müvafiq sənəd əldə etməsi onların əmək bazarına çıxış imkanlarını genişləndirməklə yanaşı, ölkədə peşəkar işçi qüvvəsinin formalaşmasına mühüm töhfə verməkdədir”.

