Dünyanın müxtəlif ölkələrində Milad bayramı münasibətilə silsilə tədbir və mərasimlər keçirilib. Londonda (Böyük Britaniya) Smitfild ət bazarında ənənəvi Milad gecəsi hərracı təşkil olunub, burada işçilər izdihamın arasına iri ət parçaları ataraq bayram ənənəsini yaşadıblar.
“Tehsil365”in araşdırmasına əsasən, ABŞ-də Santa Klaus geyimində olan xizəkçilər xüsusi şoularla diqqət çəkib, Vatikanda isə Papa XIV Leo Müqəddəs Pyotr Bazilikasının eyvanından ənənəvi “Urbi et Orbi” Milad müraciətini edib.
Ukrayna, Çin və Pakistanda xristian icmaları Milad gecəsi mərasimləri üçün kilsələrdə toplaşıblar. Kiyevdə ailələr şam yandıraraq ibadət edib, Pekin və Karaçidə isə kilsələrdə gecə yarısı ayinləri keçirilib. Şri-Lanka, Keniya və Fransa kimi ölkələrdə də Milad mərasimləri və işıqlandırmalar bayram ab-havası yaradıb.
Avstraliyanın Sidney şəhərində insanlar Santa kostyumlarında çimərlikdə gəzib, Peruda polis əməkdaşları bayram münasibətilə hədiyyələr paylayıblar. Çilidə balıqçılar qayıqlarda Santa və Qrinç obrazlarında görünüb, Hindistanın Kəşmir bölgəsində isə qar üzərində Santa geyimində selfilər çəkilib.
Şimali İrlandiyada insanlar təcili yardım üçün vəsait toplamaq məqsədilə soyuq sularda üzüblər.
Qeyd edək ki, xristianların əksəriyyəti Milad bayramını 25 dekabrda qeyd etsə də, bəzi pravoslav icmaları bu günü 7 yanvarda qeyd edir.

