2024-cü ildə Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən insan alveri qurbanlarının sayı üzrə göstərici 0.9 olub.
“Tehsil365” rəsmi məlumatlara istinadən xəbər verir ki, 2010-cu ildə əhalinin hər 100 min nəfərinə 1.8 insan alveri qurbanı düşdüyü halda 2015-ci ildə 2.7-yə, 2020-ci ildə isə 3.4-ə yüksəlib. Sonrakı illərdə isə kəskin azalma qeydə alınıb. Belə ki, 2021, 2022, 2023 və 2024-cü illərdə bu göstərici hər 100 min nəfərə 0.9 səviyyəsində sabit qalıb.
Cins bölgüsü üzrə statistikaya əsasən, kişilər arasında insan alveri qurbanlarının sayı xeyli aşağı olub. 2010, 2015 və 2020-ci illərdə hər 100 min nəfərə düşən kişi qurbanların sayı 0.2 təşkil edib, 2021-ci ildən etibarən isə bu göstərici sıfıra enib.
Qadınlar arasında isə insan alveri qurbanlarının sayı daha yüksək olub. 2010-cu ildə bu göstərici 3.4, 2015-ci ildə 5.2, 2020-ci ildə isə 6.6 təşkil edib. 2021-ci ildən sonra qadın qurbanların sayı əhəmiyyətli dərəcədə azalaraq 2021-2024-cü illərdə hər 100 min nəfərə 1.8-1.9 səviyyəsində qeydə alınıb.

