Azərbaycan Dillər Universitetində (ADU) “Hindistan mədəniyyəti və incəsənəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Universitetdən “Tehsil365”ə verilən məlumata əsasən, tədbir 486-cı qrupun Hindistanşünaslıq ixtisası üzrə Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müəllimi Şəfəq Mustafayevanın tədris etdiyi “Hindistan mədəniyyəti və incəsənəti” fənni çərçivəsində, həmçinin ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin nəzdində əcnəbi tələbələr üçün Hazırlıq kurslarında Ölkəşünaslıq fənnini tədris edən həmin kafedranın müəllimi Təranə Quluzadə ilə birgə həyata keçirilib.
“Tələbədən tələbəyə” prinsipi əsasında təşkil olunan tədbirin əsas məqsədi yerli və əcnəbi tələbələr arasında inteqrasiyanın gücləndirilməsi olub. Hindistandan olan əcnəbi tələbələrin fəal iştirakı ilə keçirilən tədbirdə Hindistanın zəngin mədəni irsi, incəsənəti və milli dəyərləri əyani şəkildə təqdim edilib.
Tədbir çərçivəsində müəllifi Şəfəq Mustafayeva olan və tələbələrin sərbəst işlərinin video materiallar formasında hazırlandığı “ADU Hindistanşünaslar” YouTube kanalının təqdimatı da baş tutub. Bildirilib ki, bu platforma tələbələrin yaradıcı potensialının üzə çıxarılmasına və fənnin interaktiv tədrisinə töhfə vermək məqsədi daşıyır.
Təqdimatlar zamanı əcnəbi tələbə Kimanti Hindistan kino tarixi, Sanskriti isə ənənəvi hind geyimləri və bəzək əşyaları mövzusunda çıxış edib. Tədbir sual-cavab formatında davam etdirilərək interaktiv müzakirələrlə yadda qalıb.
Sonda iştirakçı tələbələrə Azərbaycan Dillər Universitetinin Şərq ölkələri üzrə regionşünaslıq kafedrası adından təşəkkürnamələr təqdim olunub. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə kimi qiymətləndirilib.

