Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dünya azərbaycanlılarının milli həmrəyliyi” mövzusunda mühazirə təşkil olunub.
Universitetdən “Tehsil365”ə verilən məlumata əsasən, mühazirədə Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyasının mahiyyəti, milli kimliyin qorunması, xalqın vahid ideya ətrafında birləşdirilməsi və dünya azərbaycanlıları arasında milli həmrəyliyin möhkəmləndirilməsində oynadığı tarixi rol haqqında geniş məlumat verilib.
Tədbiri filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev açaraq, tədbirin məqsədi və mahiyyəti haqqında məlumat verib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova və ADPU-nun Şəki filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayeva məruzə ilə çıxış edərək, Heydər Əliyevin milli həmrəyliyi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini vurğulayıblar. Bildirilib ki, Ümummilli lider xaricdə yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin gücləndirilməsinə, onların təşkilatlanmasına və milli maraqlar ətrafında birliyinin təmin olunmasına xüsusi önəm verib. Çıxışlarda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının formalaşması və azərbaycançılıq ideyasının beynəlxalq müstəvidə təbliğinin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğu qeyd olunub. Həmçinin vurğulanıb ki, bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və milli həmrəyliyin daha da möhkəmlənməsi diqqət mərkəzində saxlanılır.
Çıxışların sonunda mövzuya dair videoçarx nümayiş etdirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

