Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialının nümayəndələri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə səfər ediblər.
Universitetdən “Tehsil365”ə verilən məlumata əsasən, görüşdə Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Aparat rəhbəri Anar Babayev, Aparat rəhbərinin müavini Ziya Qasımov, Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov, Hüquqi təminat və informasiya-kommunikasiya texnologialarının tətbiqi şöbəsinin müdiri Anar Hacızadə, Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdirinin müavini İntiqam Eyvazov iştirak edib.
Qonaqları məhkəmənin sədri hüquq elmləri doktoru Fərhad Abdullayevin adından salamlayan Fərhad Tutayuk Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə proseduru, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə məlumat verib.
Görüşdə Konstitusiyanın dövlətin həyatında rolu, suverenliyin hüquqi əsasları, hüquqi maarifləndirmənin əhəmiyyəti, ali təhsil müəssisələri ilə məhkəmə-hüquq orqanları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Filial;n direktoru professor Yusif Alıyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi və siyasi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu qərar həm Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, həm də hüquqi düşüncənin cəmiyyətə daha dərindən aşılanması baxımından olduqca əhəmiyyətlidir. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycanın suveren hüquqlarının tam bərqərar olunması, Konstitusiyanın real həyata tətbiqinin bariz nümunəsidir.
Görüşdə qonaqlar tərəfindən məhkəmənin fəaliyyəti və səlahiyyəti ilə bağlı bir sıra suallar ünvanlanmış və suallar ətrafında müzakirələr aparılmışdır.
Sonda filialın nümayəndə heyəti Konstitusiya Məhkəməsinin inzibati binasında muzey, konfrans və plenium zalları, iş otaqları ilə tanış olub və xatirə şəkilləri çəkdiriblər.

