Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və kimya kafedrasında ali təhsil ocağının 50 illik yubileyinə həsr olunmuş növbəti elmi seminar keçirilib.
Universitetdən “Tehsil365”ə verilən məlumata əsasən, seminarda Fizika və kimya kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Dilarə Qafarova “TlGaTe₂ birləşməsinin istilik və elektrofiziki xassələri” mövzusunda məruzə ilə çıxış edərək müasir elektrofiziki tədqiqatlar, istilik və elektrik xassələrinin temperatur asılılıqları, eləcə də materialların fiziki xüsusiyyətlərinə təsir edən əsas amillər barədə geniş məlumat verib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Çoxsaylı suallar verilib və geniş müzakirələr aparılıb.
Fizika və kimya kafedrasının müdiri, professor Adil Abdullayev məruzəni yüksək qiymətləndirərək tədqiqatın elmi əhəmiyyətini vurğulayıb.
Seminarda Fizika və kimya, Mexanika, Mühəndis sistemləri və qurğuları, İnformasiya texnologiyaları və sistemləri kafedralarının professor-müəllim heyəti, Metallar və ərintilər fizikası elmi tədqiqat laboratiyasının əməkdaşları, doktorantlar iştirak ediblər.

