Rumıniyalı siyasi şərhçi və beynəlxalq proseslər üzrə analitik Teodora Marin Cənubi Qafqazda baş verən son geosiyasi dəyişikliklər fonunda ABŞ-ın “Azadlığa dəstək aktı”na daxil edilmiş 907-ci düzəlişin aktual olmadığını bildirir və onun ləğvinin zəruriliyini vurğulayır.
“Tehsil365“ “AZƏRTAC”a istinadla müsahibəsində Teodora Marin qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin davam etdiyi, kommunikasiyaların açılması məsələsinin müzakirə olunduğu, ticarət əlaqələrinin mərhələli şəkildə bərpa edilməsi istiqamətində iş aparıldığı şəraitdə 907-ci düzəlişin qüvvədə qalması absurd təsir bağışlayır. Bu düzəliş tamamilə fərqli tarixi və siyasi kontekstdə qəbul edilib və bugünkü regional reallıqlarla uzlaşmır.
Analitik vurğulayır ki, regionda artıq qarşıdurma deyil, dialoq və qarşılıqlı anlaşma mərhələsi ön plana çıxır. Birbaşa təmaslar, diplomatik kanallar vasitəsilə aparılan danışıqlar və iqtisadi əməkdaşlıq imkanlarının müzakirəsi Cənubi Qafqazda yeni siyasi mühit formalaşdırır. Belə bir fonda selektiv məhdudiyyətlərin saxlanılması sülh gündəliyinə ziddir.
Teodora Marin bildirir ki, 907-ci düzəlişin əsaslandırılmasında tez-tez istinad edilən “blokada” iddiaları mövcud vəziyyəti əks etdirmir. Əksinə, regionda nəqliyyat və logistika marşrutlarının açılması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi müzakirə olunur. Bu isə həmin düzəlişin hüquqi və siyasi əsaslarının faktiki olaraq aradan qalxdığını göstərir.
Müəllif hesab edir ki, ABŞ prezidentinin 907-ci düzəlişin təsirini müvəqqəti dondurması onun problemli mahiyyətinin dolayı etirafıdır. Lakin, müvəqqəti qərarlar uzunmüddətli sülh və sabitlik üçün yetərli deyil. Davamlı normallaşma prosesi hüquqi müstəvidə də ardıcıl və prinsipial yanaşma tələb edir.
Teodora Marin vurğulayır ki, dəyişən geosiyasi şərait köhnə mexanizmlərin deyil, yeni yanaşmaların tətbiqini zəruri edir. 907-ci düzəlişin tam aradan qaldırılması regionda etimadın möhkəmlənməsinə, beynəlxalq vasitəçilik səylərinin balanslı və obyektiv xarakter almasına töhfə verə bilər.
Nəticə olaraq, analitik vurğulayıb ki, sülh və əməkdaşlıq yolunda irəliləyən Cənubi Qafqaz üçün selektiv məhdudiyyətlər deyil, bərabərhüquqlu və reallıqlara uyğun yanaşma daha məqsədəuyğundur. Bu baxımdan, 907-ci düzəlişin ləğvi yalnız hüquqi qərar deyil, eyni zamanda regionun gələcəyinə dair mühüm siyasi mesaj kimi qiymətləndirilməlidir.

