Dekabrın 26-da Bakı Kitab Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə ədəbi-musiqili gecə keçirilib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, gecənin əvvəlində Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı çıxış edərək vurğulayıb ki, əlamətdar günlərin sülh və əmin-amanlıq şəraitində qeyd edilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, şəhidlərimizin qəhrəmanlığının və qazilərimizin fədakarlığının nəticəsidir.
Bayram gecəsi zəngin konsert proqramı ilə davam edib. Azərbaycan Dövlət Xor Kapellası və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səsləndirilib.
3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs ansamblının təqdim etdiyi zərif vals və Azərbaycan Dövlət Xor Kapellası və Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasının xor kollektivinin birgə ifasında səsləndirilən “Yeni il mahnısı” gecəyə xüsusi rəng qatıb.
Tədbir zamanı Rəsul Rza, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Musa Yaqub və Zahid Xəlilin şeirləri səsləndirilib. Peşəkarlıqla təqdim olunan canlı ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

