Peşəkar mühasib təşkilatı – Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə 2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib.
“Tehsil365“ AZƏRTAC”a istinadla bildirilib ki, tədbirdə APFM-in sıx əməkdaşlıq etdiyi ADSEA əməkdaşları ilə yanaşı, digər dövlət və özəl qurumların nümayəndələri, xarici peşəkar mühasib təşkilatları və onların təmsilçiləri, həmçinin APFM-in korporativ və fərdi üzvləri daxil olmaqla 200-dən çox təşkilatın maliyyə menecerləri və peşəkar mühasibləri iştirak ediblər.
APFM ailəsinin fəxri üzvü, akademik Ziyad Səmədzadə çıxış edərək tədbirin maliyyə və mühasibatlıq sahəsi üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra maliyyə və mühasibatlıq sahəsində yüksək peşəkarlıq, məsuliyyətli fəaliyyət, etik prinsiplərə sadiqlik və peşəkar standartların inkişafına verilən töhfələr nəzərə alınmaqla 2-ci APFM AWARDS mükafatlandırma mərasimi başlayıb.
Mərasimdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Maliyyə və Təminat şöbəsinin müdiri Anar Əliyev “İlin maliyyə müdiri”, Agentliyin Maliyyə sektorunun müdiri Xanlar Salmanzadə isə “İlin maliyyə meneceri” nominasiyaları üzrə mükafata layiq görülüblər.
Ənənəvi olaraq hər ilin sonunda keçirilən bu tədbir maliyyə mütəxəssisləri üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gələcəkdə də maliyyə peşəsinin nüfuzunun artırılmasına, iqtisadi sabitliyə və dayanıqlı inkişafa töhfə verməyi hədəfləyir.

