“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tərəfdaşlığı ilə dəyirmi masa müzakirəsi baş tutub.
“Tehsil365”in məlumatına əsasən, tədbirdə dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının sədrləri və ictimai fəallar iştirak ediblər. Görüş zamanı cəmiyyətdə mövcud olan sosial problemlər, xüsusilə gənclərin təhsilə çıxışı, maarifləndirilməsi, sosial adaptasiyası və ictimai həyata inteqrasiyası ilə bağlı aktual mövzular ətrafında geniş və səmərəli fikir mübadiləsi aparılıb.
İştirakçılar qeyd ediblər ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında bu cür əməkdaşlıq sosial problemlərin daha effektiv həllinə, gənclərin potensialının üzə çıxarılmasına və cəmiyyətin sağlam inkişafına mühüm töhfə verir. Müzakirələr zamanı mövcud çağırışlar, praktiki həll yolları və gələcək əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub.
Tədbir iştirakçıları “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayaraq layihənin fəaliyyətinə uğurlar arzulayıblar. Eyni zamanda, dəyirmi masaya dəvətə görə layihənin təşkilatçılarından biri olan Nərmin xanıma təşəkkür edilib, ona və komandasına gələcək fəaliyyətlərində uğurlar dilənib.
Qeyd edək ki, bu kimi təşəbbüslər cəmiyyətin sosial rifahının yüksəldilməsinə, gənclərin inkişafına və inklüziv mühitin formalaşmasına xidmət edir.

