Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən növbəti Uşaq İncəsənət Festivalı uğurla başa çatıb.
"Tehsil365" xəbər verir ki, Dekabrın 26-da festivalın yekun mükafatlandırma mərasimi təşkil olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Onlar uşaqların yaradıcılığını dəstəkləyən bu cür layihələrin əhəmiyyətini xüsusi vurğulayıblar.
2023-cü ildən etibarən Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan festival milli-mənəvi dəyərlərin gənc nəslə ötürülməsi, incəsənətin müxtəlif ənənəvi sahələrinin qorunub saxlanılması və vətənpərvər ruhda formalaşan gəncliyin yetişdirilməsi məqsədi daşıyır.
Festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən istedadlı uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. Yekunda fərqlənən iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıb.

