Qəbələ rayon Kiçik Pirəli kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhimə Yusifovanın təşkilatçılığı ilə VIII və IX sinif şagirdləri üçün "Oxu dəqiqələri" keçirildi.
"Tehsil365" xəbər verir ki, Tədbir çərçivəsində VIII sinif şagirdləri Daniel Defonun "Robinzon Kruzo", IX sinif şagirdləri isə Çingiz Aytmatovun "Ağ gəmi" romanı əsasında kollektiv mütaliə etdilər.
Tədbir əvvəlcə şagirdlərə əsərlərin müəllifləri, yazılma tarixi və əsərin mövzusu, həmçinin kitabın yazıldığı mühit barədə ətraflı məlumat verilməsi ilə başladı. Bu, şagirdlərin əsərlərə daha dərindən anlayışla yanaşmalarına və mövzunu daha yaxşı mənimsəmələrinə kömək etdi.
Daha sonra müəllim və şagirdlər tərəfindən seçilmiş hissələr səsli şəkildə oxundu. Oxu prosesi zamanı intonasiyaya, vurğu və pauzalara xüsusi diqqət yetirildi, bu da şagirdlərin mətnin ruhunu və mənasını düzgün qavramalarını təmin etdi. Eyni zamanda, əsərlərdə rast gəlinən yeni və çətin sözlərin mənaları şagirdlərə izah edildi, bu isə onların lüğət ehtiyatının genişlənməsinə imkan yaratdı.
"Oxu dəqiqələri"ndə iştirak edən şagirdlər əsərləri maraqla dinləyərək, ədəbiyyata olan maraqlarını artırdılar və mətn üzərində düşünmə bacarıqlarını inkişaf etdirdilər. Bu cür fəaliyyətlərin məktəbdə müntəzəm keçirilməsi şagirdlərin oxu savadlılığının yüksəldilməsinə, mətni anlama və təhlil etmə qabiliyyətlərinin güclənməsinə, həmçinin ədəbi əsərlərə marağın artmasına böyük töhfə verir.
Azərbaycan dili və ədəbiyyatı fənnində "Oxu dəqiqələri"nin təşkili həmçinin şagirdlərin nitq mədəniyyətinin formalaşmasına, milli və dünya ədəbiyyatına bağlılığının artırılmasına yönəlmiş mühüm addımdır. Belə tədbirlər məktəb kollektivində mütaliə mədəniyyətinin inkişafına xidmət edir və gənc nəslin ədəbi zövqünün formalaşmasına yardımçı olur.

