Lənkəran Dövlət Dram Teatrında “Sözlər və melodiyalarla Yeni ilə” adlı əyləncəli konsert proqramı keçirilib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirə ziyalılar, mədəniyyət xadimləri, teatrsevərlər və şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar.
Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə çıxışlar olub. Çıxışlarda xalqımızın birlik və həmrəyliyinin milli gücümüzün əsas dayağı olduğu vurğulanıb, ölkəmizin gələcək inkişafı naminə bu dəyərlərin qorunub saxlanılmasının vacibliyi qeyd edilib. Yeni ilin Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah və uğurlar gətirməsi arzulanıb.
Konsert proqramında səsləndirilən şeirlər, musiqi nömrələri və səhnə kompozisiyaları tamaşaçılara yüksək ovqat bəxş edib. Peşəkar ifaçılar və yaradıcı kollektivlərin təqdim etdiyi rəngarəng və dinamik çıxışlar bayram ab-havası yaradaraq gecəyə xüsusi rəng qatıb.
Əyləncəli konsert proqramı tamaşaçıların böyük marağı, gur alqışları və xoş təəssüratları ilə başa çatıb.

