Şəmkir rayonu üzrə təhsil sektorunun iştirakı ilə ümumtəhsil məktəblərində 9-cu sinif şagirdləri, müəllimlər və valideynlər üçün maarifləndirici görüş keçirilib.
“Tehsil365“ xəbər verir:
Görüş zamanı şagirdlərin təlim-tərbiyə prosesi, təhsildə məsuliyyət, valideyn–məktəb əməkdaşlığının əhəmiyyəti, buraxılış imtahanlarına və növbəti təhsil mərhələsinə hazırlıq, eləcə də şagirdlərin gələcək təhsil istiqamətlərinin düzgün seçilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub. Təhsil sektorunun nümayəndələri tərəfindən şagirdlərin bilik və bacarıqlarının artırılması, intizamın gücləndirilməsi və motivasiyanın yüksəldilməsi istiqamətində tövsiyələr verilib.
Valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşün əsas məqsədi şagirdlərin təhsil nailiyyətlərinin yüksəldilməsi, valideyn–məktəb–şagird əməkdaşlığının möhkəmləndirilməsi, 9-cu sinif şagirdlərinin qarşıda duran imtahanlara və gələcək təhsil seçimlərinə daha məsuliyyətlə hazırlaşmalarına dəstək olmaqdan ibarət olub.

