“Görəsən bu yuxu idimi? Xankəndi, parad və bayrağımızı. Əgər yuxudursa heç ayılmaq nəsib olmasın!” Bu gün ağlımda bu vardı. Xeyir, bu yuxu deyil, Şuşanı fiziki gücü ilə fəth edən igidlərimiz, Xankəndini də fəth etmişdi. Və mən də oradakı paraddan eksklüziv şəkil və videolar paylaşıram (bəli, haradansa götürmə deyildi, lakin az bəyəni aldı, buna görə hətta videonu sildim). İgidlərimizin o torpaqlarda addımlarının səsini eşitməkdən qürur verici bir şey varmı görəsən?! Mən o xoşbəxt alimlərdənəm ki, 44 günlük Vətən Savaşı sonrası ilk Qarabağa gedən alimlər içərisində olmuşam. Savaşın yeni izlərini, hətta qoxusunu, bir çox tarixi abidəni öz gözümlə görmüşəm. Füzuli şəhərinin xarabalıqlarını görmüşəm, elə bir yer ki, onu heç bir şey təsvir edə bilməz. İndi Cənnətə çevrilən Füzulimiz. Xudafərindən Azığa, Şuşa Qalasından Şahbulağa. Bu dövlətimin mənə etimadıdır. Nə xoş mənə ki, bir mədəniyyət tarixçisi kimi bütün sahələrdə dövlətimin dəstəyini görmüşəm.
Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin mükəmməl siyasi-diplomatik bacarığı, uğurlu hərbi gedişi ilə Qarabağ azaddır. Gələcəkdə dövlətimizin apardığı bənzərsiz siyasətini dünya diplomatiya tarixində öyrənəcəklər. Gələcəkdə hərb kitabları bizim hərbi təcrübəni dərsliklərinə daxil edəcək. Hələ bir günlük anti-terror əməliyyatını demirəm. Son dünyada baş verən savaşlar bizim hərbi strategiyamızın necə uğurlu olduğunu bir daha təsdiq etmədimi? Göstərmədimi ki, sadə insanların burnunu qanatmadan belə savaş etmək mümkündür. Tarixdə “Yapon möcüzəsi” var. Gələcəkdə “Azərbaycan möcüzəsi” olacaq. Həm hərbi-siyasi yöndə, həm də “yoxdan necə var edilir” yöndə. Sadəcə var edilmir, necə sürətlə var edilir yöndə.
İstər düzənlik olsun, istər dağlıq, Qarabağ o qədər mürəkkəb coğrafi quruluşa malikdir ki, insan o coğrafiyada necə savaşların getdiyini təsəvvür belə edə bilmir. O dağlarda, soyuqda, avtomobillə belə getdikcə bitməyən ərazilərdə savaşların getdiyini təsəvvür və idrak etdikcə əsgərlərimizin sözlərin kifayətsiz qaldığı qəhrəmanlığını göz önündə qismən də olsa canlandırmağa cəhd etmək olur.
İndi Şuşam öncəki ehtişamlı görünümünə qovuşur. Son açılan “Yasəmən” oteli, Mamayi məscidi, Qala, Yuxarı Gövhər Ağa məscidi, və bərpa olunmaqda olan onlarca XVIII-XIX yüzilliklərə aid olan abidələr. Bir mədəniyyət tarixçisi kimi deyə bilərəm ki, bu bərpaetmə işləri Şuşanın memarlığı ilə necə ahəngdarlıq təşkil edir. Ümumiyyətlə Şuşadakı bütün bərpaetmə işləri, maksimum əslinə uyğun şəkildə gerçəkləşir. Başda Şuşa olmaqla Qarabağ əski gözəl günlərinə dönür. Dünyadan silinmiş Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı yenidən qurulur. Artıq Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan bayrağı dalğalanır. Yox bu yuxu deyil. Və nə gözəl Azərbaycanın vətəndaşı olmaq. Nə gözəl bu xalqın bir fərdi olmaq. Dünyanın ən gözəl xalqı.
Heç şübhəsiz ki, bir an öncə minaların bir qismi təmizlənsə də “portal” məsələsi eynən pandemiya zamanında olduğu kimi ləğv olunsa, nə gözəl olardı. Necə-necə insanlar var ki, yurdunun alındığını bildi, amma oranı görə bilmədi (biri mənim əmim). Təbii insan səbirsiz davranır bəlkə, amma zamanla hər şey olacaq.
Azərbaycan daha da güclənəcək, dostları sevinəcək buna, düşmənlərinin bağrı partlayacaq. Daha atəşkəsin pozulması və şəhid xəbərləri gəlməyəcək. Sülh olacaq, vətənimiz inkişaf edəcək. Dünya durduqca duracaq!
Bayram Quliyev