Bu gün tanınmış sovet tarixçisi, alim və akademik Püstəxanım Əzizbəyovanın anadan olmasının 96 ili tamam olur.
"Tehsil365" xəbər verir ki, 1929-cu il dekabrın 29-da dünyaya gələn Püstəxanım Əzizbəyova Azərbaycanın tarix elmində xüsusi yeri olan alimlərdən biri olub. O, tarix elmləri doktoru elmi dərəcəsini 1961-ci ildə alıb və uzun illər Azərbaycan Tarix Muzeyinin direktoru vəzifəsində çalışıb. Elmi fəaliyyətindən əlavə, bir çox tarixi-sənədli filmlərdə kino məsləhətçisi kimi də çıxış edib.
Püstəxanım xanım həm də məşhur maarifçi və peşəkar inqilabçı Məşədi Əzizbəyovun nəvəsi idi. O, babasının həyat və fəaliyyətinə həsr olunmuş bir neçə əsərin müəllifidir.
1998-ci il yanvarın 8-də vəfat edən Püstəxanım Əzizbəyovanın elmi və ictimai irsi bu gün də dəyərləndirilir. Onun tədqiqatları Azərbaycan tarixşünaslığının inkişafına əhəmiyyətli töhfələr verib.

