1991-ci ilin 29 dekabr tarixində Azərbaycan Respublikasında xalqın iradəsini ifadə edən tarixi hadisə – Müstəqillik Referendumu keçirildi.
"Tehsil365" xəbər verir ki, Bu ümumxalq səsverməsi Azərbaycanın dövlət müstəqilliyini təsdiq etmək məqsədi daşıyırdı.
Referendumda iştirak edən vətəndaşların mütləq əksəriyyəti Azərbaycanın Sovetlər İttifaqından ayrılaraq müstəqil dövlət kimi fəaliyyət göstərməsini dəstəklədi. Rəsmi nəticələrə əsasən, seçicilərin 95 faizdən çoxu müstəqilliyin lehinə səs verdi. Bu qərar, 18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın xalq tərəfindən təsdiqlənməsi anlamına gəlirdi.
Referendumun nəticələri Azərbaycanın beynəlxalq aləmdə tanınması və suveren dövlət kimi möhkəmlənməsi yolunda mühüm mərhələ oldu. Bu tarixi gün müasir Azərbaycanın milli yaddaşında mühüm yer tutur.

