Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regionunda həyata keçirdiyi "Gənc Təlimçilər Məktəbi" layihəsi uğurla davam edir.
"Tehsil365" xəbər verir ki, Layihənin davamlılıq mərhələsi çərçivəsində Lənkəran şəhərində gənclər üçün "Konstruktiv münaqişə həlli" mövzusunda təlim keçirilib.
Təlimi layihənin fəal iştirakçısı Samirə Axundova həyata keçirib. Təlim zamanı gənclərə münaqişələrin səbəbləri, onların düzgün idarə olunması yolları və sülh yolu ilə həll prinsipləri haqqında ətraflı məlumat verilib. İştirakçılar aktiv şəkildə müxtəlif praktiki tapşırıqlar, rol oyunları və müzakirələrdə iştirak edərək münaqişə vəziyyətlərində konstruktiv davranışın önəmini daha yaxşı anlamağa çalışıblar.
Təlimin məqsədi gənclərin qarşılıqlı anlaşma və səmərəli kommunikasiya bacarıqlarını artırmaq, münaqişələri qarşısını almaq və mövcud olanları düzgün həll etmək üçün zəruri olan bilik və bacarıqları təkmilləşdirməkdir. Eyni zamanda, gənclərin liderlik və təlimçilik qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirilib.
Layihə rəhbərləri və iştirakçılar qeyd ediblər ki, bu cür təlimlər gənclərin həm şəxsi, həm də ictimai həyatında müsbət dəyişikliklərə yol açır, onların sosial aktivliyini və məsuliyyət hissini artırır. "Gənc Təlimçilər Məktəbi" layihəsi regionda gənclərin potensialının üzə çıxarılması və onların cəmiyyətə daha fəal qatılması üçün əhəmiyyətli platforma rolunu oynayır.
Gələcəkdə də bu kimi faydalı təlimlərin və maarifləndirici tədbirlərin davam etdirilməsi planlaşdırılır. Gənclərin inkişafına yönəlmiş bu təşəbbüslər regionun sosial-mədəni həyatının zənginləşməsində mühüm rol oynayır.

