Astara şəhər Zərifə Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin sağlam və təhlükəsiz rəqəmsal mühitdə formalaşmasını dəstəkləmək məqsədilə maarifləndirici tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirdə məktəbin IX sinif şagirdləri, sosial pedaqoq Səbinə Sadıxova və psixoloq Elnarə Əlizadə iştirak ediblər.
Tədbir zamanı kibercinayətkarlıq, internetdə qarşılaşa biləcək risklər, şəxsi məlumatların qorunması və rəqəmsal məkanda məsuliyyətli davranışla bağlı geniş məlumat verilib. Eyni zamanda onlayn oyunlara həddindən artıq aludə olmanın psixoloji və sosial fəsadları izah olunub.
Psixoloq Elnarə Əlizadə tərəfindən şagirdlərə asılılıq əlamətləri, vaxtın düzgün idarə olunması və sağlam sosial münasibətlərin formalaşdırılması ilə bağlı praktik tövsiyələr təqdim edilib.
Tədbir interaktiv şəkildə keçib, şagirdlər suallar verib, real həyat nümunələri əsasında mövzuya dair fikir mübadiləsi aparıblar. Belə maarifləndirici fəaliyyətlər şagirdlərin rəqəmsal savadlılığının artırılmasına və psixoloji rifahının qorunmasına mühüm töhfə verir.

