Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ali təhsil ocağının Məşvərət Şurasının bir qrup üzvü ilə görüşüb.
Rektor universitetin qocaman alimlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.
“Tehsil365“ “AZƏRTAC”a bildirir ki, rektor Məşvərət Şurası üzvlərini son zamanlar ali məktəbdə həyata keçirilən yeniliklərlə tanış edib, infrastrukturun yenilənməsi istiqamətində işlərin davam edəcəyini bildirib.
Rektor qalib ölkəmiz və xalqımız üçün 2025-ci ilin çox əlamətdar olduğunu qeyd edib. BDU kollektivinin il ərzində məhsuldar işlədiyini, uğurlu layihələr və tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin ən böyük ali təhsil müəssisəsi olan BDU-nun qarşısına da mühüm öhdəliklər qoyur.
Daha sonra Məşvərət Şurası üzvlərinin BDU-da elm, tədris fəaliyyətinin daha da yaxşılaşdırması və “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təklifləri dinlənilib.

