Dekabrın 26-da Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsinin nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ziyarət edilib.
“Tehsil365“ xəbər verir:
Tədbirdə İngilis və fransız dilləri fakültəsinin dekanı f.f.d., dos. V.Babayeva, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.e.d., prof. G.Sadıxova, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Ziyarət çərçivəsində ahıl sakinlərə yeni il münasibətilə hədiyyələr təqdim olunub, tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Bu çıxışlar ahıl sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Belə tədbirlərin təşkilində əsas məqsəd tələbələrə ali təhsil müəssisəsində yalnız yüksək akademik biliklərin deyil, eyni zamanda humanizm, mərhəmət və sosial məsuliyyət kimi dəyərlərin də vacib olduğunu aşılamaqdır. Universitet mühitində bu kimi təşəbbüslər gənclərin vətəndaş mövqeyinin formalaşmasında mühüm rol oynayır. Qeyd edək ki, bu məqsədlə 22 dekabr tarixində universitetin 2 saylı tədris binasının həyətində xeyriyyə yarmarkası təşkil olunmuşdur.
Kafedra tədbirə qatqısı olan bütün ADU əməkdaşlarına və xüsusilə tələbələrə dərin təşəkkürünü bildirir. Sosial həmrəyliyin gücləndirilməsinə xidmət edən bu kimi xeyriyyə aksiyalarının gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Sosial Xidmətlər Agentliyinin tabeliyində Ahıl şəxslər üçün sosial xidmət müəssissəsinin əməkdaşları tərəfindən tədbirdə ADU kollektivinə yüksək səviyyədə qarşılanma və xidmət göstərildi. Biz də öz növbəmizdə onlara xüsusi minətdarlığımızı bildiririk.

