Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Aygün Kərimovanın təşəbbüsü ilə görkəmli şair Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mənim ana dilim, mənim kimliyim” adlı dəyirmi masa keçirilib.
“Tehsil365“ xəbər verir ki:
Tədbir Tərcümə fakültəsinin III kurs 351C və 361-ci qrup tələbələrinin iştirakı ilə təşkil olunub. Dəyirmi masada kafedra müdiri, dosent Sevda Zamanova, baş müəllim Xatirə Əzizova, Tərcümə fakültəsinin baş müəllimi, universitetimizin qazisi Faiq Kərim, yazar və müəllim Nicat Həşimzadə, eləcə də tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dəyirmi masanı giriş sözü ilə açan Aygün Kərimova Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə ölkədə keçirilən silsilə tədbirlərdən bəhs edib, şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Daha sonra 351C və 361-ci qrup tələbələri – Əbilzadə Fidan, Qasımzadə Leyla, Əliyeva Aygül, Allahverdiyeva Raviyə, Seyidov Elmir, Xankişiyev Fərid, Quliyeva Nəzrin, Abdullayeva Əminə, Hacıyeva Aydan, Əhmədzadə Aysun və Qəhrəmanlı Şahnaz Bəxtiyar Vahabzadənin Azərbaycan dili, vətənpərvərlik, ana və torpaq sevgisi, müəllim, zaman və cəmiyyət mövzularında qələmə aldığı əsər və şeirlərdən söz açıblar.
Çıxış edən Faiq Kərim şairin yaradıcılığının əhəmiyyətini vurğulayaraq tələbələrə Bəxtiyar Vahabzadənin əsərlərini daha dərindən öyrənməyi tövsiyə edib. Nicat Həşimzadə isə yazar və filoloq kimi şairin yaradıcılığını geniş, əhatəli və müqayisəli şəkildə təhlil edib, həmçinin şairin “Bir salama dəymədi” şeirini səsləndirib.
Tədbir çərçivəsində videoçarxlar vasitəsilə Bəxtiyar Vahabzadənin öz səsində “Ana dilim” şeiri və “Gülüstan” poemasından bir parça nümayiş etdirilib.
Sonda kafedra müdiri, dosent Sevda Zamanova çıxış edərək Bəxtiyar Vahabzadənin təkcə söz ustası deyil, eyni zamanda xalqın yaddaşı, vicdanı və milli ruhunun carçısı olduğunu bildirib. O, şairin meydan hadisələrindəki çıxışlarının şahidi olduğunu qeyd edərək xalqın ona olan dərin sevgisindən danışıb və şairin bir neçə şeirindən parçalar səsləndirib.

