Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin üslubiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nigar Mədətova İngiltərənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan York Universitetinin peşəkar inkişaf məqsədilə təşkil etdiyi DEEP 2: “Decolonising English Teaching Pedagogy: Teaching the Teachers” adlı təlim kursunu müvəffəqiyyətlə başa vuraraq beynəlxalq sertifikata layiq görülüb.
“Tehsil365” xəbər verir ki:
2 ECTS kreditli, 60 saatlıq təlim kursu York Universitetinin Təhsil departamentinin professoru Ursula Lanvers tərəfindən həyata keçirilib.
Təlim proqramı çərçivəsində ingilis dilinin lingua franca kimi mahiyyəti və mənşəyi, ingilis dilinin gələcəyi və gələcəkdə ingilis dili öyrənənlərin ehtiyaclarının qarşılanması, ingilis dilinə müxtəlif konseptual yanaşmaları, ingilis dilinin qlobal dil kimi tədrisi, beynəlxalq ünsiyyətdə digər L2 ingilis dili istifadəçiləri ilə əlaqəli tədris çətinlikləri, dil və mədəniyyətin tədrisi arasındakı əlaqələr, ingilis dilinin öyrədilməsi və öyrənilməsinin müəllim və öyrənənlərin kimliyinə təsiri, eləcə də ingilis dilinin tədrisi üzrə praktik həll yolları kimi mövzular əhatə olunub.
Bu nailiyyət Nigar Mədətovanın peşəkar inkişafının göstəricisi olmaqla yanaşı, Azərbaycan Dillər Universitetində tədris keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq təcrübənin tədris prosesinə inteqrasiyasına mühüm töhfə verəcək.

