Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunan media nümayəndələri arasında ümumtəhsil müəssisələrində çalışan müəllimlərimiz də var. Onlardan biri də Bakıdakı 226 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyevadır.
“Tehsil365” xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə müsahibəsində tədqiqatçı–müəllim həm yubiley medalına layiq görülməsi, həm də pedaqoji fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Tanıtım: Təranə Cəbiyeva 1968-ci il iyulun 21-də Bakı şəhərində anadan olub. 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsində, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda tarix fənni üzrə təhsil alıb.
Tələbəlik illərindən başlayaraq pedaqoji əmək fəaliyyətinə başlayıb. 2001-ci ildən eyni zamanda “Şərqin səsi” qəzetinin redaksiyası ilə əməkdaşlıq etməyə başlayıb. Elə o vaxtdan da elmi, bədii və publisistik yaradıcılığı daha da genişlənib. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Elm və təhsil” qəzetinin redaktor müavini vəzifəsinə irəli çəkilib.
“Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Vicdanlı Qələm” və bir sıra başqa mükafatlara layiq görülən T.Cəbiyeva dövri mətbuatda müntəzəm olaraq jurnalist, publisist, tarixçi kimi çıxış edib, Azərbaycanın maddi-mədəniyyət abidələri, Bakı kəndlərinin qədim tarixi, milli təhsilimizin problemləri, qabaqcıl pedaqoqlar, incəsənət, mədəniyyət xadimləri haqqında 1000-ə qədər məqaləsi çap olunub. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinə üzvüdür.
Tədqiqatçı-müəllim Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis olunmuş mətbuatın 150 illiyi yubiley medalı ilə təltif olunmağını böyük sevinclə qarşılayıb:
– Möhtərəm Prezidentimiz İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına təqdim olunmağım mənim üçün çox gözlənilməz oldu. Təsəvvür edin ki, 150 il şərəfli yol qət edən Azərbaycan mətbuatının fədakar jurnalistlərinin cərgəsində mənim də adım çəkilirsə, necə xoşbəxt anlar keçirməyim? Mən zəhmətimə verilən dəyərə və ən əsası yüksək mükafata görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, eyni zamanda Azərbaycan Respublikasının Medianın İnkişafı Ağentliyinin İcraçı direktoru Əhməd İsmayılova dərin təşəkkürümü bildirirəm.

