Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
“Tehsil365” bildirir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib. “Ötən əsrin 70-ci illərində rəhbərlik etdiyi “Qobustan” dərgisi ilə mətbuatımıza milli ruh gətirən Xalq yazıçısı Anara “Azərbaycan mətbuatının 150 illiyi” yubiley medalı təqdim olundu”, Rəşad Məcid sosial şəbəkə hesaabında bildirib. Yubiley medalını Xalq yazıçısına AYB-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının İcraçı direktorun müavini Natiq Məmmədov təqdim edib.
Xalq yazıçısı Anar Musavat.com-a açıqlamasında təltifdən məmnunluğunu ifadə etdi: “Sağ olsunlar, məni yad eləyiblər”. AYB sədri məsələdən bu gün xəbər tutduğunu bildirdi. Qeyd etdi ki, Rəşad Məcid Natiq Məmmədovun gəlib yubiley medalını təqdim edəcəyini bildirib:
“Dedim lap yaxşı, gəlsin”.
Anar müəllim dedi ki, o, həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür: “Mən hələ sovet vaxtı Yazıçılar Birliyindən əvvəl Jurnalistlər İttifaqının üzvü olmuşam. Mən “Qovustan”ın əsasını qoymuşam, “Qobustan” jurnalını yaratmışam. Ondan sonra Rusiya, Türkiyə mətbuatında, daha Azərbaycanı demirəm, çoxsaylı yazılarım dərc olunub”.
Xalq yazıçısını təbrik edir, sağlam, ömür yaradıclıq uğurları arzulayırıq!

