"Konstitusiya və Suverenlik İli” çərçivəsində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə maarifləndirici görüş keçirilib. Görüşdə Ombudsman Aparatının nümayəndələri, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, kollecin rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.
“Tehsil365“ xəbər verir ki,
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlamış, bütün iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və görüşün vacibliyi və əhəmiyyətindən söz açıb.
Daha sonra Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının Konstitusiyasının müstəqil dövlətçilik tariximizdəki rolu, insan hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olması, cəmiyyətdə hüquqi şüurun formalaşdırılması baxımından “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib.ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin çıxışında görüşdə iştirak etdiyinə görə Ombudsmana və digər dəvət olunmuş qonaqlara dərin təşəkkürünü bildirib, orta ixtisas təhsili müəssisələri arasında bu görüşün məhz ilk olaraq ADPK-da keçirildiyini xüsusi vurğulayıb.
Sonda S.Əliyeva tələbələrin insan hüquq və azadlıqları ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
Tələbələrin ifasında səsləndirilən şeir və mahnılar tədbirə xüsusi rəng qatıb.

