31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki
“Tehsil365“ xəbər verir ki,
“Hörmətli müəllimlər və universitetimizin əməkdaşları, əziz tələbələr!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, təhsil və elmi-pedaqoji fəaliyyətinizdə uğurlar arzulayıram.
Geridə qoyduğumuz 2025-ci il müasir Azərbaycan tarixində postmünaqişə dövrünün yeni keyfiyyət mərhələsini əks etdirməsi ilə əlamətdar olmuşdur. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, qətiyyətli və uzaqgörən liderliyi sayəsində ölkəmiz regionda sülhü, sabitliyi və inkişafı diktə edən güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirmiş, “Konstitusiya və Suverenlik İli” çərçivəsində milli suverenliyimiz və dövlətçilik dəyərlərimiz cəmiyyət həyatına daha dərindən nüfuz etmiş, güclənmişdir. Bu ümummilli uğurlar hər bir vətəndaş kimi, ADPU kollektivinin üzvlərinə də xüsusi qürur bəxş edir və məsuliyyət hissini artırır.
İndiki əlamətdar və tarixi mərhələdə ölkəmizin inkişaf strategiyasına uyğun olaraq təhsil sahəsində aparılan ardıcıl islahatlar ali təhsil müəssisələrinin fəaliyyətində də geniş imkanlar açır, yeni vəzifələr qoyur. Fəxrlə qeyd edə bilərəm ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq biz də 2025-ci ili məqsədyönlü fəaliyyət, davamlı inkişaf və mühüm uğurlarla başa vururuq.
Cari tədris ilində universitetimizin qəbul planının tam dolması ADPU-ya olan yüksək ictimai etimadın, pedaqoji təhsilin nüfuzunun artmasının və həyata keçirilən islahatların real nəticəsidir. Xüsusilə qeyd etmək istərdim ki, son illərin ənənələrinə uyğun olaraq 5 nəfər abituriyentin 600-dən yuxarı bal toplayaraq ADPU-ya qəbul olunması universitetimizin akademik mühitinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir və bizi gələcək uğurlara daha da ruhlandırır. İlk dəfə olaraq “Times Higher Education (THE) Impact Rankings” reytinqində yer almağımız, “GreenMetric World University Rankings 2025” reytinqində əldə etdiyimiz irəliləyişlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünya ali təhsil məkanında tanınmasına xidmət edən mühüm göstəricilərdir. Bütün bunlar kollektiv əməyin, birgə səylərin və universitet ailəsinin həmrəyliyinin bəhrəsidir. Sevindirici haldır ki, 2025-ci ildə universitetimizin beynəlxalq əməkdaşlıq əlaqələri daha da genişlənmiş, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Corc Vaşinqton Universiteti ilə magistratura səviyyəsi üzrə ikili diplom proqramının müddəti 2030-cu ilədək uzadılmışdır. Bu mühüm addım ADPU tələbələrinin beynəlxalq təhsil imkanlarının genişlənməsinə, müasir bilik və təcrübələrə çıxışının təmin olunmasına xidmət edir və universitetimizin qlobal ali təhsil məkanında mövqelərini daha da möhkəmləndirir.
İl ərzində Azərbaycan Dövlət Pedaqoji Universiteti bir sıra beynəlxalq elmi konfranslara, forumlara və akademik tədbirlərə ev sahibliyi etmiş, xarici tərəfdaş universitet və təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirmişdir. Bu tədbirlər universitetimizin beynəlxalq elmi mühitə inteqrasiyasını gücləndirməklə yanaşı, professor-müəllim heyətinin və gənc tədqiqatçıların elmi potensialının inkişafına mühüm töhfə vermişdir. Eyni zamanda, təhsilin məzmununun yenilənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi, kurikulumların əmək bazarının tələblərinə uyğunlaşdırılması və rəqəmsal təhsil imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl və sistemli işlər həyata keçirilmişdir. Bu addımlar gələcəyin müəllimini yetişdirmək kimi şərəfli və məsuliyyətli missiyamıza xidmət edir.
Əldə olunan uğurlar Azərbaycan Respublikasının təhsil siyasətinə, milli maraqlara və dövlətimizin müəyyən etdiyi strateji inkişaf prioritetlərinə sadiqliyin, eyni zamanda ADPU kollektivinin birliyi, fədakarlığı və əzmkarlığının təzahürüdür. Hər bir müəllimimizin zəhməti, əməkdaşlarımızın məsuliyyəti və tələbələrimizin bilik və inkişafa olan marağı bu nailiyyətlərin əsas mənbəyidir.
Əziz həmkarlar və tələbələr!
Yeni il hər zaman yeni ümidlər, yeni məqsədlər və yeni başlanğıclar deməkdir. Əminəm ki, 2026-cı il də Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün daha böyük uğurlar, yeni elmi nailiyyətlər və təhsil sahəsində mühüm yeniliklərlə zəngin olacaqdır. Qarşıda duran vəzifələrin öhdəsindən gəlmək üçün bizim ən böyük gücümüz birliyimiz, məqsədyönlü fəaliyyət və işimizə olan sevgimizdir.
Bu əlamətdar günlərdə universitetimizin inkişafında əməyi olan bütün professor-müəllim heyətinə, əməkdaşlarımıza və tələbələrimizə dərin minnətdarlığımı bildirir, hər birinizə yeni ildə möhkəm sağlamlıq, şəxsi və peşəkar həyatınızda böyük uğurlar arzulayıram.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək olsun! Qoy 2026-cı il hər birinizə sevinc, rifah və yeni nailiyyətlər gətirsin!”

