Son illərdə Azərbaycan həmkarlar ittifaqları hərəkatında aparılan islahatlar təhsil işçilərinin sosial rifahının gücləndirilməsinə, əmək hüquqlarının qorunmasına və idarəetmənin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Xüsusilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) bu sahədə fəallığı ilə seçilir.
“Tehsil365”in məlumatına əsasən, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev bildirib ki, 2025-ci il ərzində həmkarlar ittifaqları üzvlərə göstərilən xidmətlərin keyfiyyətini artırmaq, rəqəmsallaşma prosesini sürətləndirmək və sosial yönümlü layihələri icra etmək üzrə uğurlu nəticələr əldə edib. Bu dövrdə e-AHİK sanatoriya-kurort rezervasiya sistemi, Kurort Turizm İnformasiya Mərkəzi və Çağrı Mərkəzi vasitəsilə üzvlərə operativ xidmət göstərilib.
Hüquqi dəstək sahəsində Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi üzvlərə hüquqi məsləhətlər və maarifləndirici təlimlər təqdim edib. Gənclərin həmkarlar ittifaqı fəaliyyətinə cəlb olunması məqsədilə 700-dən çox gənc “AHİK könüllüləri” proqramına qoşulub.
Sosial dəstək sahəsində isə 71 minə yaxın təhsil işçisinə mükafat və yardımlar təqdim olunub, 40 min nəfər sanatoriya-kurort müəssisələrində güzəştli xidmətlərdən yararlanıb. Eyni zamanda təhsil işçiləri üçün müxtəlif təlim, beynəlxalq təcrübə proqramları, intellektual yarışlar, sosial düşərgələr və idman layihələri uğurla həyata keçirilib.
Regionlarda 6 minə yaxın həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir, özəl təhsil müəssisələrində kollektiv müqavilələrin bağlanması təşviq olunur. ETİHİ həmkarlar ittifaqlarının sosial, hüquqi və inkişaf yönümlü fəaliyyətini gücləndirməyə davam edir və təhsil işçilərinin yanında olmağa sadiqdir.

