Bakı Slavyan Universiteti (BSU) tərəfindən təsis edilmiş beynəlxalq, resenziyalı akademik nəşr — “Şərqi Avropa və Balkan Tədqiqatları Jurnalı”nın (The Journal of Eastern Europe and Balkan Studies) ilk sayı işıq üzü görüb.
“Tehsil365” xəbər verir ki, yeni jurnal Slavyan və Balkan Araşdırmaları sahəsində elmi tədqiqatların inkişafına, eləcə də beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Nəşrdə Şərqi Avropa, Balkanlar və Slavyan dünyasına dair dilçilik, ədəbiyyat, mədəniyyət, tarix, geopolitika və regional tədqiqatlar üzrə orijinal elmi məqalələr dərc olunur.
Jurnal ənənəvi filoloji yanaşmaları müasir interdisiplinar metodlarla birləşdirən elmi platforma kimi fəaliyyət göstərir. Redaksiya heyətinə Azərbaycanla yanaşı Türkiyə, Albaniya, Şimali Makedoniya, Polşa, Serbiya, Bolqarıstan və Moldovadan olan alimlər daxildir.
İlk sayda Azərbaycan, Albaniya, Şimali Makedoniya, Serbiya və Yunanıstandan olan tədqiqatçıların elmi məqalələri yer alıb.
BSU yeni nəşrin təsis edilməsi ilə Slavyan və Balkan Araşdırmaları sahəsində beynəlxalq elmi platformanın formalaşmasına töhfə verməyi qarşıya məqsəd qoyur və alimləri jurnalın növbəti saylarında elmi məqalələrlə iştirak etməyə dəvət edir.

