Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.
“Tehsil365" xəbər verir ki, Mikayıl Cəfərov 1939-cu il iyulun 7-də Gürcüstanda anadan olub. Orta təhsilini 1950–1956-cı illərdə Qazaxıstanın Cambul rayonunda, 1956–1960-cı illərdə isə Marneuli rayonunun Şulaveri qəsəbəsində alıb. 1961–1962 və 1966–1969-cu illərdə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb.
1980-ci ildə “XVIII–XX əsrlər rus dilində mürəkkəb sifətlər” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1969–1979-cu illərdə APDİ-də laborant və müəllim kimi çalışıb. 1979-cu ildən etibarən BDU-da fəaliyyət göstərən Mikayıl Cəfərov 1979–1984-cü illərdə Rus dilçiliyi kafedrasında baş müəllim, 1984–2024-cü illərdə isə Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri olub. 2024-cü ildən professor kimi fəaliyyətini davam etdirirdi.
Alim 1998-ci ildə “XVII–XX əsrlər rus dilində mürəkkəb sözlərin struktur-semantik inkişafı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi alıb, 2004-cü ildə professor elmi adına layiq görülüb. O, 2006–2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti kimi də fəaliyyət göstərib. Tədqiqat sahələri rus dilçiliyi, rus dili və rus dilinin tədrisi metodikası olub.
Mikayıl Cəfərov 2009-cu ildə “Əməkdar müəllim” fəxri adına, 2019-cu ildə isə “Tərəqqi” medalına layiq görülüb.

