Azərbaycanın musiqi mədəniyyətində silinməz iz qoymuş görkəmli sənətkar, pianoçu və pedaqoq Kövkəb Kamil qızı Səfərəliyevanın doğumunun növbəti ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 3 yanvar 1907-ci ildə Bakıda dünyaya gələn sənətkar, ölkəmizdə piano sənətinin ilk peşəkar qadın nümayəndələrindən biri, eləcə də ilk qadın pianoçu-pedaqoqu kimi tarixə düşüb.
Kövkəb Səfərəliyeva uzun illər Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) fəaliyyət göstərərək, yüzlərlə tələbənin musiqi savadının formalaşmasında misilsiz xidmətlər göstərmişdir. O, həmçinin metodik və publisistik fəaliyyəti ilə musiqi pedaqogikasının inkişafına mühüm töhfələr verib, dərslik və metodik vəsaitlərin müəllifi kimi də tanınıb.
Onun təşəbbüsü və iştirakı ilə bir çox musiqi layihələri reallaşmış, maarifçilik fəaliyyəti sayəsində musiqi təhsilinin regionlara yayılmasına şərait yaranmışdır. Dəyərli pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələrə görə 1972-ci ildə ona Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir.
1985-ci il iyunun 27-də Bakıda vəfat edən sənətkar, bu gün də Azərbaycan musiqi təhsilinin inkişafında öncül şəxsiyyətlərdən biri kimi hörmətlə anılır.

