Bu gün, 3 yanvar tarixində Azərbaycan ədəbiyyatının və ictimai-siyasi fikir tarixinin tanınmış nümayəndəsi Yusif Vəzir Çəmənzəminlinin vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşada anadan olub. O, təkcə yazıçı deyil, həm də görkəmli diplomat və dövlət xadimi kimi Azərbaycan tarixində mühüm yer tutur. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk səfiri kimi fəaliyyət göstərən Çəmənzəminli, milli diplomatiyamızın təməlini qoyan simalardandır.
Ədəbi yaradıcılığı ilə də seçilən Yusif Vəzir Azərbaycan realizminin inkişafına töhfə verib, klassik üslubu müasir mövzularla birləşdirərək zəngin irs yaradıb. O, bir çox publisistik və bədii əsərləri ilə milli-mənəvi dəyərlərin təbliğinə xidmət edib.
Təəssüf ki, sovet repressiyalarının qurbanı olan Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də Nijni Novqorod vilayətində yerləşən Unjlaq düşərgəsində vəfat etmişdir.
Onun zəngin irsi bu gün də oxunur, tədqiq olunur və yeni nəsillərə örnək kimi təqdim edilir. Azərbaycanın mədəni və siyasi tarixində dərin iz qoyan bu şəxsiyyət daim ehtiramla yad olunur.

