Azərbaycan tarixində qəhrəmanlığı və vətənpərvərliyi ilə yadda qalan Cavad xan Ziyadoğlu-Qacarın şəhid olduğu gündən 3 yanvar 2026-cı il tarixində 222 il ötür.
"Tehsil365" xəbər verir ki, 1748-ci ildə Gəncədə anadan olan Cavad xan Qacar xanədanına mənsub olmuş, 1786-cı ildən Gəncə xanlığını idarə etmişdir. O, yalnız bir dövlət adamı deyil, həm də böyük sərkərdə kimi tanınırdı. Gəncə xanı kimi ölkəsinin müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda mübarizə aparan Cavad xan, rus imperiyasının Cənubi Qafqazı işğal etmə planlarının qarşısında mətin dayanmışdır.
1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə, general Pavel Sisianovun rəhbərlik etdiyi rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan vətəni naminə şəhidlik zirvəsinə ucalmışdır. O, şəhərin müdafiəsində son nəfəsinə qədər döyüşmüş və şəhid olmasına baxmayaraq, qəhrəmanlığı ilə tarixdə əbədi iz qoymuşdur.
Cavad xanın adı bu gün Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin simvoluna çevrilmişdir. Onun vətənə bağlılığı, mübarizə əzmi gələcək nəsillər üçün örnək olaraq yaşayır.

