Yaponiyanın Fukuoka şəhərində yerləşən Hakozaki məbədində hər il keçirilən ənənəvi Tamaseseri Festivalı bu il də böyük coşqu ilə baş tutub.
"Tehsil365" xəbər verir ki, Qədim dövrlərə gedib çıxan bu festival Yaponiyanın ən qeyri-adi və mistik dini mərasimlərindən biri hesab olunur.
Festivalın əsas hissəsi iki komandadan ibarət kişilərin müqəddəs top (tama) uğrunda apardıqları mübarizədən ibarətdir. Əfsanəyə görə, topu ələ keçirən və onu məbədə ilk çatdıran komanda həmin il bolluq və uğur qazanacaq.
Soyuq qış günündə yarıçılpaq vəziyyətdə keçirilən bu rituallar həm fiziki dözümlülük, həm də ruhani təmizlənmə simvolu kimi qiymətləndirilir. Topun suya batırılması, sonra isə onu havada daşımaq mərasimləri festivalın əsas səhnələrindəndir.
Tamaseseri Festivalı həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olur və Yaponiyanın zəngin mədəni-tarixi irsini yaşadan tədbirlərdən biri kimi dəyərləndirilir.

