1804-cü il yanvarın 3-də Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarına qarşı həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Gəncə qalası işğal edildi.
"Tehsil365" xəbər verir ki, Bu hadisə Azərbaycan tarixində təkcə bir şəhərin deyil, bütövlükdə regionun taleyində faciəli dönüş nöqtəsi oldu.
General Pavel Sisianovun rəhbərlik etdiyi rus qoşunları Gəncə xanlığının mərkəzi olan Gəncə şəhərinə hücum edərək onu ələ keçirdi. Şəhərin müdafiəsində qəhrəmancasına vuruşan Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlu Qacar vətənini qoruma uğrunda şəhid oldu.
Bu işğal Rusiya imperiyasının Cənubi Qafqazda nüfuzunu gücləndirməsi və Azərbaycanın siyasi müstəqilliyinə son qoyan silsilə hadisələrin başlanğıcı kimi qiymətləndirilir. Gəncə qalasının süqutu sonrakı illərdə Azərbaycan torpaqlarının tədricən Rusiya tərəfindən işğal olunmasına şərait yaratdı.
Bu tarix xalqımızın azadlıq uğrunda apardığı mübarizənin simvolu və yadelli işğalına qarşı qəhrəmanlıq salnaməsi kimi xatırlanır.

