Başa vurmaqda olduğumuz 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) media yayımı istiqamətində yüksək inkişaf dinamikası qeydə alınıb.
İl ərzində İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən universitetin tədris və ictimai-sosial həyatında baş verən yeniliklər, layihə və tədbirlər ölkənin aparıcı KİV, agentlik və telekanallarında işıqlandırılıb, ADPU-nun mətbu orqanı olan “Gənc müəllim” qəzeti çap və elektron qaydada dərc olunaraq yayımı həyata keçirilib.
“Tehsil365“ “xəbər verir ki,
İlin media yekunlarına əsasən, 2025-ci il ərzində ADPU ilə bağlı 600 xəbər 4570 mənbədə dərc edilib. Bu isə hər xəbərin orta hesabla 8 mənbədə, hər ay orta hesabla 50 xəbərin 380-dən çox mənbədə, hər gün isə ortalama 2 xəbərin 12-dən çox fərqli mənbədə tirajlanması deməkdir. 2024-cü ildə isə tirajlanan orta aylıq mənbə sayı 330-a bərabər olub.
Şöbə tərəfindən aparılan informasiya yayımının optimallaşdırılması siyasəti nəticəsində fakültə və sturukturlardan daxil olan lokal əhəmiyyətli xəbərlər fakültə və filialların saytında yayımlanır, xüsusi əhəmiyyətə malik xəbərlər isə universitetin rəsmi saytı ilə yanaşı nüfuzlu informasiya agentliklərində də dərc edilir.
Rəsmi mənbələrlə yanaşı, şöbə tərəfindən universitetin sosial şəbəkə hesablarının effektiv fəaliyyətinin təşkili də xüsusi diqqətdə saxlanılır. Xəbər yayımının daha da operativləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə yaradılmış votsap kanalının izləyici sayı 4100 nəfərə çatıb. 2024-cü ildə bu say 1000 nəfər idi və cari ildə 4.1 dəfə artım dinamikası qeydə alınıb. İl ərzində kanalda yayımlanan məlumatlar 68.000 nəfərə çatıb. ADPU-nun rəsmi linkedin hesabının izləyici sayı 7742 izləyiciyə yüksəlib. Ötən ilin cari dövründə bu say 600 izləyici idi ki, bu da 1 il ərzində 13 dəfə artım deməkdir. ADPU-nun rəsmi feysbuk səhifəsinin izləyici sayı il ərzində 12 % artıb. İl ərzində səhifədə paylaşılan postlar 3.1 milyon istifadəçiyə çatıb ki, ötən il bu say 2.7 milyona bərabər idi (15 % artım). Rəsmi instaqram səhifəsinin izləyici sayı il ərzində 27.4 minə çatmışdır ki, bu göstərici ötən illə müqayisədə 4.4 min nəfər (20 % artım) daha çox izləyici artımını ifadə edir. İl ərzində səhifədə paylaşılmış post və videolar 17 milyon dəfədən artıq izlənilib. Bu göstərici də ötənilkinə nəzərən 2.5 dəfə daha çoxdur. Rəsmi teleqram kanalında paylaşılan məlumatlar il ərzində 2.4 milyon nəfərə çatıb ki, bu göstərici 2024-cü illə müqayisədə 1.3 dəfə daha çoxdur.
Cari ildən etibarən şöbə tərəfindən aparılan əsas islahatlardan biri də ənənəvi informasiya yayımı ilə yanaşı videoinformasiya yayımının da genişləndirilməsi olub. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə "ADPU TV" könüllü komandası xüsusi fəaliyyət göstərilib. Komanda tərəfindən universitetdə həyata keçirilən vacib layihə və tədbirlər işıqlandırılıb, reportaj və müsahibələr universitetin rəsmi sosial şəbəkə hesabları və komandanın sosial şəbəkələrində paylaşılıb, tələbələr üçün maarifləndirici və əyləncəli kontentlər hazırlanıb, 8 Mart – Beynəlxalq Qadınlar Günü, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günün, Yeni il və digər əlamətar günlər xüsusi qeyd edilib. Bu istiqamətdə aparılan işlərin əməli nəticəsi kimi rəsmi yutub kanalında il ərzində yayımlanan videolar 1200 saatdan çox izlənilib və ötən ilin cari dövrü ilə müqayisədə 2 dəfədən çox artıma nail olunub. İl ərzində "ADPU TV" instaqram hesabında, tiktok və yutub kanalında ümumilikdə 150-dək videoməzmun paylaşılıb ki, bu videolar ümumilikdə 2.5 milyondan çox izlənilib. ADPU-nun rəsmi sosial şəbəkə hesabları və "ADPU TV"nin səhifələri daxil olmaqla il ərzində ADPU haqqında paylaşılan məlumat postları 25 milyon dəfədən artıq izlənilib. Bu 2024-cü ilə nəzərən 2.5 dəfə artım deməkdir.
İl ərzində tələbə və vətəndaşlar tərəfindən sosial şəbəkə və digər əlaqə vasitələri ilə daxil olmuş 68.000-dən çox müraciət cavablandırılıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu say 25 %-dən çox artıb. 2025/2026-cı tədris ili üçün ali məktəblərin bakalavriat və magistratura pillələrinə tələbə qəbulu və elektron qeydiyyat prosesi müddətində (30 iyun 2025-ci il - 11 sentyabr 2025-ci il tarixləri aralığında) Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən abituriyentlərdən, tələbələrdən, həmçinin ictimaiyyət və media nümayəndələrindən daxil olan müraciətlərə çevik cavab verilməsi istiqamətində planlı iş aparılıb. Xüsusilə abituriyentlər və onların valideynlərinin ixtisas seçimi, mövcud ixtisaslar, universitetin infrastrukturu və naviqasiyası, təqaüd imkanları, yataqxana, onlayn qeydiyyat, təhsil tələbə krediti və digər bu kimi məsələlərlə bağlı müraciətləri operativ şəkildə nəzərdən keçirilib və zəruri dəstək göstərilib.
O cümlədən, 30 iyun - 11 sentyabr tarixləri aralığında universitetin sosial media hesablarında məlumat xarakterli 60 poster və videoməzmun paylaşılıb ki, bu məzmunlar rəsmi instaqram, feysbuk və linkedin səhifələri, teleqram, votsap və yutub kanalları vasitəsilə ümumilikdə 8 milyon 125 min dəfə izlənilib. Bu, paylaşımlara orta hesabla bir gün ərzində 112 min 847 dəfə baxılması deməkdir. Hesabat dövrü ərzində şöbə tərəfindən vətəndaşlardan müxtəlif əlaqə vasitələri ilə daxil olmuş ümumilikdə 12.453 müraciət operativ qaydada cavablandırılıb ki, bu da orta hesabla bir günə 173 müraciət deməkdir. Onlardan 10.199-u instaqram səhifəsi üzərindən, 1.239-u votsap xəttindən, 356-ı feysbuk, linkedin, teleqram səhifələri və imeyl vasitəsilə, 609-u isə zəng formasında daxil olan müraciətlər olub. Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində cavablandırılmış müraciətlərin ümumi sayı 5.356 təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 132.5 %-dən çox artım deməkdir.
Şöbə tərəfindən cari ildə universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaq məqsədilə ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümü təşkil edilib və uğurla yekunlaşıb.
800-ə yaxın tələbə-gəncin iştirak etdiyi müsabiqənin yekununda 10 nəfər tələbə qalib 1000 AZN pul mükafatı və Təşkilat Komitəsinin üzvü olan ADPU-nun rəhbər heyəti ilə 1 illik mentorluq proqramından faydalanmaq şansı əldə ediblər. Hazırda müsabiqə qaliblərinin mentoruq proqramı uğurla davam edir.

