İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olub.
"Tehsil365" xəbər verir ki,O, Azərbaycanın ilk peşəkar arxeoloq və etnoqraflarından biri kimi ölkənin elmi və mədəni irsinin öyrənilməsində mühüm rol oynamışdır.
İshaq Cəfərzadə XX əsrin ortalarından etibarən Azərbaycanın müxtəlif bölgələrində apardığı arxeoloji qazıntılar və etnoqrafik tədqiqatlarla tanınır. O, xüsusilə Qobustan qayaüstü təsvirlərinin elmi tədqiqində və Azərbaycanın qədim tarixinin araşdırılmasında əvəzsiz töhfələr vermişdir. Onun apardığı araşdırmalar sayəsində ölkənin bir sıra qədim yaşayış məskənləri, maddi-mədəniyyət abidələri və tayfa həyatına dair məlumatlar üzə çıxarılmışdır.
Cəfərzadə həmçinin etnoqrafiya sahəsində də dəyərli əsərlər yazmış, Azərbaycanın ənənəvi məişəti, geyimləri, adət-ənənələri və xalq sənətkarlığı barədə zəngin elmi irs qoymuşdur.
1965-ci ildə İshaq Cəfərzadənin elmi fəaliyyətləri yüksək qiymətləndirilmiş və ona Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.
5 yanvar 1982-ci ildə Bakıda vəfat edən İshaq Cəfərzadə, bu gün də Azərbaycan tarixşünaslığının və arxeologiyasının banilərindən biri kimi xatırlanır. Onun elmi irsi ölkənin qədim dövrlərinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

