Azərbaycanın igid oğlu, kəşfiyyatçı Elxan Zülfüqarovun şəhidlik zirvəsinə ucalmasından bu gün 30 il ötür. O, 1954-cü il iyunun 29-da Qaryagin (indiki Füzuli) rayonunun Hoğa kəndində dünyaya gəlib.
"Tehsil365" xəbər verir ki, Gənc yaşlarından hərbi sahəyə maraq göstərən Elxan Zülfüqarov sonradan peşəkar zabit kimi vətənin müdafiəsinə qalxıb.
1990-cı illərin əvvəllərində ölkədə yaranmış ağır vəziyyət zamanı o, cəbhənin ən qaynar nöqtələrində – Qarabağda fəal döyüş əməliyyatlarında iştirak edib. Kapitan rütbəsinə qədər yüksələn Elxan Zülfüqarov, xüsusilə kəşfiyyat əməliyyatlarında göstərdiyi qəhrəmanlıq və cəsarəti ilə tanınıb. O, düşmən arxasında uğurla keçirdiyi əməliyyatlarla bir çox strateji məlumatların əldə olunmasına və əsgər itkilərinin qarşısının alınmasına nail olub.
1994-cü il yanvarın 5-də Füzuli rayonunun Şükürbəyli kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.
Dövlət Elxan Zülfüqarovun göstərdiyi igidliyi yüksək qiymətləndirərək, ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adını verib. Onun adı əbədiləşdirilib, yaşadığı və doğulduğu yerlərdə xatirəsi hörmətlə anılır.
Elxan Zülfüqarov Azərbaycan gəncliyinə vətənə sədaqətin, qorxmazlığın və qəhrəmanlığın simvolu olaraq qalır. Allah rəhmət eləsin.

