Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Maarifli, həmçinin Özbəkistanda yaşayan azərbaycanlılar, diaspor nümayəndələri, ziyalılar, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.
Çıxış edən səfir Hüseyn Quliyev və Mərkəzin rəhbəri Akif Maarifli Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi, ictimai-siyasi əhəmiyyəti, milli birlik və həmrəyliyin qorunub saxlanılmasının vacibliyi barədə fikirlərini bölüşüb, Yeni il münasibətilə iştirakçılara xoş arzularını çatdırıblar.
Tədbirdə Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının müəllimləri Şəfiqə Tahirova və Türkan Ömərova da iştirak ediblər.
Bayram proqramı çərçivəsində Azərbaycan mədəniyyəti, milli adət-ənənələri, musiqisi və rəqsləri nümayiş etdirilib, iştirakçılara xoş ovqat bəxş edən bədii hissə təqdim olunub.

