Azərbaycan Dillər Universitetinin (ADU) Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının professoru Günel Bayramovanın elmi məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub.
“Tehsil365" xəbər verir ki, Alimin “The Potential of Figurative Language in Italian and Azerbaijani: Idiomaticity and Semio-Cognitive Perspectives” (“İtalyan və Azərbaycan dillərində fiqurativ dilin imkanları: idiomatiklik və semio-koqnitiv perspektivlər”) adlı tədqiqatı Scopus bazasında indekslənən və Q2 kvartilə daxil olan beynəlxalq elmi jurnalda yayımlanıb. Məqalə eyni zamanda açıq elmi resurslar platforması olan DOAJ bazasında da yerləşdirilib.
Tədqiqatda italyan və Azərbaycan dillərində fiqurativ dil vahidləri idiomatiklik, koqnitiv semantika və diskursiv kontekst nəzərə alınmaqla müqayisəli şəkildə təhlil olunur. Müəllifin tətbiq etdiyi metodoloji yanaşma semiotika, koqnitiv və tarixi-müqayisəli dilçilik prinsiplərinə əsaslanaraq dil tipologiyası və mənanın konseptuallaşdırılması ilə bağlı yeni elmi nəticələrin irəli sürülməsinə imkan yaradır.
Məqalədə italyan ədəbiyyatının klassik nümayəndələrindən Dante və Petrarca, eləcə də Azərbaycan poeziyasının görkəmli simalarından Füzuli və Nəsiminin əsərlərindən seçilmiş nümunələr funksional-interpretativ müstəvidə təhlilə cəlb olunub.
Araşdırma dil tipologiyası, semantika və koqnitiv modelləşdirmə sahəsində yeni nəzəri müddəaların formalaşmasına zəmin yaradır. Tədqiqatın nəticələri romansünaslıq və türkoloji tədqiqatlarla yanaşı, müasir dil tədrisi və tərcümə metodikasında da tətbiq oluna biləcək elmi qənaətlər təqdim edir.
Bu nəşr Azərbaycan Dillər Universitetində aparılan dilçilik araşdırmalarının beynəlxalq elmi platformalarda artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Professor Günel Bayramovanı bu əhəmiyyətli elmi nailiyyət münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.

