Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti 2025-ci il dekabrın 25-də Neftçilər kampusunda “İngilis dili üçün qlobal struktur: CEFR yeganə yoldur?” mövzusunda akademik seminar təşkil edib.
“Tehsil365” xəbər verir ki, seminar Türkiyənin Bartın Universitetinin dosenti Burcu Ak tərəfindən aparılıb. Məruzəçi ingilis dilinin tədrisi və qiymətləndirilməsinə dair qlobal yanaşmalar sahəsindəki təcrübəsini iştirakçılarla bölüşüb. Çıxışı zamanı Avropa Dilləri üçün Ümumi Təsnifat Strukturunu (CEFR) tənqidi müstəvidə təhlil edən dosent Burcu Ak bu çərçivənin geniş yayılması, pedaqoji dəyəri, eləcə də müxtəlif təhsil və mədəni kontekstlərdə tətbiqi zamanı ortaya çıxan məhdudiyyətlər barədə ətraflı məlumat verib.
Sonda İngilis dili və ədəbiyyatı departamenti seminarın yüksək elmi səviyyədə keçməsinə verdiyi töhfəyə görə dosent Burcu Aka, həmçinin tədbirə maraq göstərən və fəal iştirak edən iştirakçılara minnətdarlığını bildirib.

