30 noyabr 1958-ci ildə qədim Kəlbəcərdə dünyaya gələn Həsənov Novruz Hacıbaba oğlu uşaqlıqdan zəhmətkeşliyi və savadı ilə seçilib. 2 saylı orta məktəbi əla qiymətlərlə bitirən Novruz, 1976–1978-ci illərdə hərbi xidmətini şərəflə yerinə yetirib.
“Tehsil365” xatırladır ki, 1988-ci ildə atasını itirən şəhid Novruz, səkkiz övladlı ailədə — dörd qardaş, dörd bacı arasında böyüyərək ailəsinin yükünü çiyinlərinə götürdü. Həsənov hər zaman ailəsinə və Vətən torpağına bağlılığı ilə seçilib.
1993-cü ildə könüllü olaraq Milli Ordu sıralarına yazılan Novruz Həsənovun döyüş yolu Füzulidən başlayıb. Vətənin dar günündə silaha sarılan şəhid, torpaq sevgisini əməli ilə sübut edərək döyüşlərdə yüksək atıcılıq məharəti göstərib.
1994-cü il yanvarın 7-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən ağır döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhadətə ucalan Novruz Həsənov Şəhidlər Xiyabanında dəfn olunub. Onun ölümündən sonra üç övladı azad Vətən torpağında yaşamağa davam edir.
“Tehsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı 7 Yanvar saat 18:00-da yayımlanacaq. Buraxılışın aparıcısı Amidə Zeynalova olacaq və proqramda Novruz Həsənovun şərəfli həyat yolu xatırlanacaq.

