Dövlət İmtahan Mərkəzi 18 yanvar 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirəcək.
"Tehsil365" xəbər verir ki, İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrdə təşkil olunacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər 7 yanvar saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin rəsmi saytında qeydiyyatdan keçə bilərlər. İmtahana buraxılış vərəqəsi imtahandan 4-5 gün əvvəl Mərkəzin saytında yerləşdiriləcək.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2026-cı ilin fevral ayında keçirilməsi planlaşdırılır, dəqiq tarix müəyyən edilən kimi əlavə məlumat veriləcək.

