Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Peşəkar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq “Kod saatı (Code Hour)” təşəbbüsü çərçivəsində universitet əməkdaşlarının övladları üçün kodlaşdırma üzrə maarifləndirici təlim təşkil olunub.
“Tehsil365”xəbər verir ki, AzMİU rektorunun müşaviri Sərxan Talıbzadə çıxış edərək rəqəmsal bacarıqların erkən yaşlardan formalaşdırılmasının müasir dövrün əsas tələblərindən olduğunu vurğulayıb, bu kimi təşəbbüslərin gənc nəslin texnologiyaya adaptasiyasında və kadr potensialının inkişafında mühüm rol oynadığını qeyd edib. O, universitet tərəfindən həyata keçirilən maarifləndirici və innovativ layihələrin davamlı xarakter daşıdığını, cəmiyyət üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.
Təlim proqramı gün ərzində müxtəlif saatlarda və müxtəlif yaş qrupları üzrə təşkil edilib, iştirakçılar kodlaşdırmanın əsas anlayışları, sadə alqoritmlərin qurulması və problem həllinə yanaşma metodları ilə tanış olublar. Uşaqlar üçün hazırlanmış uyğun və interaktiv tapşırıqlar vasitəsilə proqramlaşdırmanın əsas prinsipləri praktik şəkildə izah edilib.
Təcrübəli mentorların və könüllülərin iştirakı ilə interaktiv formatda həyata keçirilən təlim zamanı iştirakçılar fərdi və qrup şəklində tapşırıqlar üzərində çalışıblar.
Təlimin sonunda proqramda iştirak edən bütün uşaqlara sertifikatlar təqdim olunub, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Əsas məqsədi uşaqlarda erkən yaşlardan etibarən informasiya texnologiyalarına marağın artırılması, alqoritmik və məntiqi düşünmə bacarıqlarının formalaşdırılması olan təlim AzMİU-da rəqəmsal bacarıqların təşviqi, erkən yaşlardan texnologiyaya marağın formalaşdırılmasına yönəlmiş mühüm addımlardandır.

