Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru professor Nuru Yusif oğlu Bayramovun 60 illik yubileyi ilə əlaqədar alimin əsərlərinin biblioqrafik göstəricisi hazırlanıb.
“Tehsil365” xəbər verir ki, bu barədə MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda ilk kök hüceyrə köçürülməsi, bir çox laparoskopik, bariatrik əməliyyatlar, dünyada ilk torakoskopik frenik nervektomiya, Azərbaycan Tibb Unversitetində ilk orqan transplantasiyası tanınmış həkim Nuru Bayramovun başçılığı ilə həyata keçirilib.
Görkəmli alim 450-dən çox elmi əsərin, o cümlədən 185 məqalə, 40 kitab, 14 metodik tövsiyə, 11 ixtira və səmərələşdirici təklifin müəllifidir.
Nuru Bayramov həm də Qarabağ müharibəsi veteranıdır. O, 1994-cü və 2020-ci illərdə hərbi hospitallarda yaralılara cərrahi yardım göstərib.
AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən “Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktorları AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov və MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə şöbənin əməkdaşı, baş biblioqraf Türkan Vahidovadır.
Göstərici Nuru Bayramovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, alimin elmi əsərlərinin biblioqrafiyasını əhatə edir.
Biblioqrafiya tibb üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

